Texnologiya

Prayk necə işləyir

Prayk Azərbaycanın elan saytlarındakı elanları bir yerdə göstərir, təkrarları ayırır və qiymətləri müqayisə edir. Burada sistemin əsas hissələrinin necə qurulduğunu yazırıq.

Elanlar haradan gəlir

Saytdakı elanların iki mənbəyi var.

  • İstifadəçilərin və mağazaların Prayk-da özlərinin yerləşdirdiyi elanlar.
  • PraykBot-un Azərbaycanın açıq elan və onlayn mağaza saytlarından oxuduğu elanlar. Belə elan həmişə «Elanın mənbəyi» bloku və orijinal səhifəyə keçidlə göstərilir.
  • Bot elanları mütəmadi yenidən yoxlayır: mənbədə silinmiş elan Prayk-da da deaktiv edilir.
PraykBot haqqında →

Təkrar elanlar necə tapılır

Eyni elan çox vaxt bir neçə saytda və ya bir neçə satıcının adından dərc olunur. Sistem hər yeni elanın şəkil və mətn «izlərini» mövcud elanlarla tutuşdurur — ucuz yoxlamadan bahalıya doğru.

  • Eyni fayl: şəklin baytları tam üst-üstə düşür.
  • Oxşar şəkil: ölçüsü dəyişdirilmiş və ya yenidən sıxılmış şəkil (perseptual heş).
  • Oxşar mətn: başlığı və təsviri az dəyişdirilmiş elan (SimHash).
  • Şəklin məzmunu: kəsilmiş və ya üzərinə yazı əlavə edilmiş şəkil — neyron şəbəkənin çıxardığı vektorların yaxınlığı ilə.
  • Elan avtomatik «kopya» yalnız güclü sübut olanda sayılır; zəif oxşarlıq təkbaşına hökm üçün kifayət etmir. İlk dərc olunan elan orijinal sayılır, kartlarda «Orijinal» və «Kopya» nişanları görünür.
  • Öz elanını yeniləyən və ya yenidən yerləşdirən satıcı kopyaçı sayılmır.

Axtarış

Axtarış Azərbaycan dilinin xüsusiyyətlərinə uyğun qurulub.

  • «menzil» yazan «mənzil»i, «masin» yazan «maşın»ı tapır: ə, ı, ş, ç, ö, ü, ğ hərfləri latın qarşılıqları ilə eyni sayılır.
  • Kiçik yazı səhvləri bağışlanır, yazdıqca bölmə, mağaza və elan təklifləri çıxır.
  • Şəkillə axtarış: yüklədiyiniz şəklə vizual oxşar elanlar tapılır.
  • Avtomobil elanlarının şəkillərindəki dövlət nömrə nişanı oxunur — maşını nömrəsinə görə axtarmaq olur.
Nömrə ilə axtarış →

Bazar qiyməti

Hər gecə son 90 günün elanlarından hər seqment üçün median qiymət və «adi» qiymət aralığı hesablanır. Aşırı ucuz və aşırı baha elanlar hesabdan çıxarılır, 8-dən az elanı olan seqment göstərilmir. Elan səhifəsindəki «bazardan ucuz / baha» hökmü bu rəqəmlərdən çıxır.

Tam metodologiya və dəqiqlik cədvəli →

Tövsiyələr

Ana səhifədəki «Tövsiyə edilənlər» lenti baxdığınız elanlardan qurulur.

  • Hansı bölmələrə, şəhərlərə və qiymət aralığına baxdığınız.
  • «Bu elana baxanlar bunlara da baxıb» əlaqələri.
  • Baxdığınız elanların şəkillərinə vizual oxşar elanlar.
  • Profil ayarlarında maraq dairələrini özünüz seçə və ya istəmədiyiniz bölmələri bağlaya bilərsiniz.

VIN yoxlaması

VIN kodu bir neçə açıq mənbədən paralel açılır və nəticələr birləşdirilir: istehsalçı kodları cədvəli (marka və ölkə), ABŞ bazarı üçün NHTSA reyestri, Avropa bazarı üçün İsveçrənin tip təsdiqi reyestri. Üstəlik həmin VIN-lə Prayk-da görülmüş elanlar və onların qiymət, yürüş tarixçəsi göstərilir.

VIN ilə yoxla →

Telefon nömrələrinin qorunması

Satıcının nömrəsi səhifədə və API cavabında maskalı gəlir. Tam nömrə yalnız «Nömrəni göstər» düyməsinə basanda, qısa müddətli açarla verilir — bu, nömrələrin kütləvi yığılmasını çətinləşdirir.

Texniki əsas

Server
Go dilində yazılıb; bütün API açıq OpenAPI təsviri ilə sənədləşdirilib.
Məlumat
Elanlar MySQL klasterində, axtarış indeksi Elasticsearch-də, şəkil vektorları Qdrant-da saxlanılır.
Şəkil modeli
Şəkil oxşarlığını hesablayan model (CLIP) öz serverlərimizdə işləyir.
Sayt və tətbiq
Sayt Next.js, mobil tətbiq React Native üzərindədir; hər ikisi eyni API-dən oxuyur.

Daha ətraflı